Niyaz Şərifov
Niyaz Səttar oğlu Şərifov (16 mart 1914, Bakı – 15 may 1982, Bakı) — Azərbaycan teatr rejissoru, aktyor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1974).
Yaradıcılığı əsasən MKT ilə bağlı olan Niyaz Səttar oğlu Şərifov 16 mart 1914-cü ildə Bakıda doğulub. Bədəl bəy Bədəlbəyovun məktəbində əvvəlcə birinci dərəcəli pillədə dörd il təhsil alıb və beş il isə ikinci dərəcəli təhsil sistemində oxuyub. Bakı Teatr Məktəbini bitirib və tələbəlik illərindən BTİT-də aktyorluq edib. Bu teatr 1933-cü ildə Gəncəyə köçüb və Niyaz Şərifov bir sıra mədəniyyət ocaqlarında çalışıb. 1938-ci il-də ADMKT yaradılanda oraya əvvəlcə texniki rejissor, sonra isə quruluşçu rejissor götürülüb. Müəyyən fasilələrlə ömrünün sonuna qədər bu kollektivdə işləyib. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilib.
Niyaz Şərifov MKT-də Məhərrəm Əlizadə və Soltan Hacıbəyovun "Qızılgül" (1945 və 1967), Məhərrəm Əlizadə və Fikrət Əmirovun "Gözün aydın" (1946), Kərim Kərimov və Zakir Bağırovun "Kəndimizin mahnısı" (1959), Zülfüqar bəy Hacıbəyovun "Evliykən subay" (1960), "Əlli yaşında cavan" (1972), Məhərrəm Əlizadə və Əşrəf Abbasovun "Səndən mənə yar olmaz" (1963), Novruz Gəncəli və Şəfiqə Axundovanın "Ev bizim, sirr bizim" (1965 və 1979), Məcid Şamxalov və Zakir Bağırovun "Qaynana" (1965), Məmməd Səid Ordubadi və Səid Rüstəmovun "Beş manatlıq gəlin" (1969), Ədil İsgəndərov və Əşrəf Abbasovun "Dağlar qoynunda" (1970), Məhərrəm Əlizadə və Nazim Əliverdibəyovun "Nazxanım naz eləyir" (1974), Məhərrəm Əlizadə və Ramiz Mustafayevin "Qonşumuzda bir oğlan var" (1976), Süleyman Rüstəm və Səid Rüstəmovun "Durna" (1976), Cahangir Məmmədov və Əşrəf Abbasovun "Həyətim mənim, həyatım mənim" (1977), Salam Qədirzadə və Süleyman Ələsgərovun "Gurultulu məhəbbət" (1980) musiqili komediyalarına quruluş verib.